“Qlobal Media Forumu Azərbaycan həqiqətlərini, ərazi bütövlüyü və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmə baxımından mühüm platformadır”.
Bunu Hafta.az-a politoloq Rəşad Bayramov III ŞUŞA Forumunda verilən mesajlarla bağlı qeyd edib.

R.Bayramov bildirib ki, artıq ənənə halını almış və 3-cü dəfədir ki, keçirilən Şuşa Qlobal Media Forumuna il keçdikcə diqqət artır və bu dəfə foruma 52 ölkədən 140 qonağın qatılması da bunun əyani sübutudur:
“III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi isə həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. Şübhəsiz ki, forumu əhəmiyyətli edən məqamlardan biri də ölkə başçısının bu tədbirdə çıxışı və çoxsaylı sualları cavablandırmasıdır. Ölkə başçısı bu dəfə də ona ünvanlanan suallara verdiyi açıq cavablarla təkcə görülən işlər, ölkəmizin bu və ya digər məsələlərə baxışlarını təqdim etmədi, eyni zamanda həm də ayrı-ayrı siyasi mərkəzlərə müvafiq mesajlar çatdırmış oldu”.
Politoloq Zəngəzur dəhlizi ilə bağlı məsələnin xüsusilə maraq doğurduğunu deyib. Bu dəhlizin əhəmiyyəti onun təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhliz yox, həm də beynəlxalq tranzit dəhlizi olması ilə əlaqədardır:
“Dünya mediasına ölkəmizin dəhlizin açılması üçün gördüyü işlər, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yenidən qurulması üçün milyardlarla dollar vəsaitin xərclənməsi çatdırıldı. O da qeyd olundu ki, Ermənistan keçən dövr ərzində bu istiqamətdə hər hansı bir iş görməməklə əslində həm də tranzit ölkə olmaq imkanlarından imtina etmiş olur”.
R.Bayramov digər vacib məqamın Ermənistanla aparılan sülh danışıqları ilə bağlı önə çıkildiyini deyib:
“Konstitusiya dəyişikliyi həyata keçirilmədən sülh sazişinin imzalanmasının mümkün olmadığı bildirildi ki, bu da Ermənistanla yanaşı ayrı-ayrı mərkəzlərə verilmiş mesajdır.
Daha bir əhəmiyyətli məsələ Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti ilə bağlı oldu. AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməməsi və ölkəmizin də təzminat məsələsinin açıq qalmasını, səbəbkarların cəzalandırılmamasını ədalətsiz hesab etdiyi qeyd olundu və bununla bağlı Beynəlxalq Məhkəməyə müraciət olunacağının da anonsu verildi”.
Politoloq Ukraynada davam edən müharibəyə münasibəti xüsusilə qeyd edib:
“Ukraynadan olan jurnalistin, Qordonun “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” -sualına cavabında dövlət başçısı bildirdi ki, ən əsas tövsiyyə heç vaxt işğalla barışmamaqdan ibarətdir.
Bu bəyanat təbii olaraq Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadəsi kimi qəbul oluna bilər. Bu həm də açıq şəkildə Rusiyanın işğalçı olduğunun ifadəsi idi deyə bilərik.
Düşünürəm ki, Forum qarşısına qoyulan hədəflərə çatmaqla yanaşı, ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirmək baxımından da əhəmiyyətli oldu”.